Logo

Bacarıq əsaslı təhsilin əhəmiyyəti və fizika fənninin tədrisində tətbiqi

07.10.2024 10:31 153 baxış
IMG

Dünya iqtisadiyyatı artıq sizə biliklərinizə görə pul ödəmir; Google hər şeyi bilir. Dünya iqtisadiyyatı artıq sahib olduğunuz biliklərinizlə hansı işləri edə biləcəyinizə görə sizə pul verir.”

Andreas Şlayxer,

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru

Günümüzdə bilik sürətlə çoxalmaqda və dəyişməkdədir. İqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi, sosial münasibətlərin dəyişməsi cəmiyyətin sürətli və qlobal dəyişməsinə, bu isə cəmiyyətin tələblərinin dəyişməsinə səbəb olur.

Özünün güclü və zəif tərəflərini bilən, problem həll etmə bacarığına sahib olan, ətrafındakılar ilə əməkdaşlıq edə bilən, yaradıcı olan şəxsiyyətlərin yetişməsi həm fərdin özü üçün, həm də cəmiyyət üçün çox əhəmiyyətlidir. 21-ci əsr bacarıqları olaraq təyin olunan bu yüksək səviyyəli bacarıqlara malik şəxsiyyətlər yetişdirmək üçün bacarıq əsaslı təhsilin əhəmiyyəti çox böyükdür. Bu bacarıqların təhsilverənlər tərəfindən təhsilalanlara qazandırılması mühüm məsələdir. Tədqiqatlar göstərir ki, uşaqların sosial, emosianal, idrak və akademik inkişafı bir-birilə sıx bağlıdır. Uğurlu şəxsiyyət yetişdirmək üçün bunları bir arada inkişaf etdirmək lazımdır.

Təhsildə yaşanan dəyişiklik və inkişafa baxmayaraq təhsilin təşkilində və istiqamətləndirilməsində müəllim hələ də əsas obyektdir. Təhsil müəssiəsi olaraq məktəb şagirdə ümumi akademik biliklər verməyi hədəfləyir. Bundan əlavə, şagirdlərin müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirməyə də kömək etməlidir. Bilik və bacarıq təlimi fərddə bir bütovdür və həmin şəxsin həyatı boyu istifadə edəcəyi həyati bacarıqlara çevrilir.

Bacarıq biliklərin şüurlu şəkildə praktikaya tətbiq edilməsidir. Bacarıq əsas məlumat, tətbiq məlumatları və tətbiq komponentlətindən ibarətdir. Bacarığı inkişaf etdirmək üçün bilmək, cəhd etmək və tətbiq etmək lazımdır.

Bacarıq dedikdə şagirdlərin mövzu üzrə əldə etdikləri bilikləri digər fənlərlə əlaqələndirə bilməsi, mövzu üzrə daha dərindən düşünməsi, qoyulmuş problemin həllində biliklərindən düzgün istifadə edə bilməsi başa düşülməlidir.

Şagirdlər məlumatı passiv şəkildə qəbul edib yadda saxlamaqdansa, yaradıcı prosesə cəlb olunarlarsa təhsil prosesini uğurlu hesab etmək olar. Təhsil tədqiqatçısı Con Dyui qeyd edir: “Biz etməklə öyrənirik.”

Bilik öyrənmənin əsasını və mühüm hissəsini təşkil edir. Bacarıqlar biliyi əvəz etmir, ondan istifadəni müəyyən edir. Yəni şagirdlər əldə etdikləri bilikləri verilmiş problemin həllində düzgün tətbiq etməyi və ondan səmərəli istifadə etməyi öyrənməlidirlər.

 Nə üçün bacarıq əsaslı təhsil?

  • Bacarıq əsaslı təhsil şagirdləri həyata daha yaxşı hazırlayır. Ömürboyu öyrənmə məqsədi daşıyır.
  • Daimi və aktiv öyrənməni təmin edir. Biliklərin tətbiqinə əsaslanır.
  • Tədris proqramlarının yükü azalır.
  • Təhsildə bərabər imkanlar yaradır.
  • Ətraflı və müsbət qiymətləndirməni təmin edir.
  • Məqsədlər aydın şəkildə müəyyən edilir.

Bacarıqlara əsaslanan öyrənmə necə qiymətləndirilir?

Təsdiq olunmuşdur ki, təhsilalanlar öz işləri haqqında rəy aldıqda daha da sürətli inkişaf edirlər.

Qiymətləndirmə müxtəlif üsullardan istifadə etməklə şagirdin öyrənmə inkişafı haqqında məlumat toplamaqdan ibarətdir. Şagirdin inkişafını qiymətləndirmək üçün Kurikulum Əsaslı Ölçmələrdən (CBM) istifadə etmək olar. 

CBM müəllimlərin şagirdlərin riyaziyyat, oxuma, yazı və orfoqrafiya kimi sahələrdə necə irəlilədiyini izləmək üçün istifadə etdiyi bir üsuldur.

Qiymətləndirmə proqramları müəllimlərin öyrətdiklərinin və şagirdlərin öyrəndiklərinin nəticələrini əks etdirən cədvəl və ya sxem şəklində tərtib oluna bilər. Bu yolla müəllimlər öyrənmə boşluqlarını müəyyən etmək və şagirdlərin nailiyyətlərini sənədləşdirmək imkanı əldə edir ki, bu da öz növbəsində təhsil məqsədlərinə uyğun proqramların işlənib hazırlanmasına kömək edir.

Bacarıqlara əsaslanan qiymətləndirmə vasitəsilə toplanmış məlumatlar şagirdin ümumi güclü və zəif tərəfləri ilə bağlı müəllimlərə ətraflı rəy bildirməyə kömək edir.


 

Xəbər lenti