Logo

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına namizədlərin seçimi başa çatıb

30.09.2024 00:00 182 baxış

Azərbaycan Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.

"Tehsil.biz" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi birgə məlumat yayıblar.

Qeyd edilib ki, proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.

Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.

Bildirilib ki, bu proqrama əsasən, İƏT və QH-yə üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.

Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.

Xatırladaq ki, hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində azərbaycanlı tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrində, əcnəbi tələbələrin isə Azərbaycan ali təhsil müəssisələrində təhsil alması üçün müvafiq imkan yaradılıb. 1970-1980-ci illərdə hazırlanan mütəxəssislər müstəqil Azərbaycanın, əcnəbi məzunlar isə təmsil etdikləri ölkələrin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynayıb və nailiyyətlərin əldə olunmasına öz töhfələrini veriblər. Təsadüfi deyildir ki, həmin dövrdə ölkəmiz Asiya, Afrika və Latın Amerikası dövlətlərinin vətəndaşları üçün əsas təhsil mərkəzlərindən birinə çevrilib və Azərbaycanın bir çox xarici dövlətlərlə münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində məhz həmin kadrların müstəsna xidmətləri olub.

Azərbaycan 2017-2022-ci illər ərzində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin vətəndaşları üçün 200-dək təhsil qrantı proqramının həyata keçirilməsini təmin edib. Həmin qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İƏT və QH çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr verib.

Sözügedən təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı təsis edilib.

Xəbər lenti