Logo

MEK-də Elmira Axundovanın kitablarının təqdimatı

05.07.2024 09:28 285 baxış
IMG

İyulun 2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq yazıçısı Elmira Axundovanın “Aranızda ən böyük dissident mən idim! Heydər Əliyev və yaradıcı ziyalılar” (“Самым большим диссидентом среди вас был я! Гейдар Алиев и творческая интеллигенция”) və “Ədəbi gəzintilər: Zaman... Süjetlər... Düşüncələr” (“Литературные странствия: Время… Сюжеты… Мысли”) adlı kitablarının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müəllifin ədəbiyyatşünas və yazıçı kimi yaradıcılığı barədə fikirlərini bölüşüb. Elmira Axundovanın Ulu öndər Heydər Əliyev haqqında ilk sənədli bioqrafik romanın müəllifi olduğunu qeyd edən akademik vurğulayıb ki, təqdimatı keçirilən kitablar bir-birini tamamlayır. Bu kitablar Heydər Əliyev epoxasını, strategiyasını, siyasətini əks etdirməklə yanaşı, o dövrün mühitini və müasirlərini göstərən nadir fotoşəkillərlə də zəngindir. İsa Həbibbəyli yazıçının 6 cilddə, 7 kitabdan ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” tarixi-publisistik əsərlərinin əhəmiyyətini xüsusi vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Xalq yazıçısı Elmira Axundovanın yeni kitabları: dahi şəxsiyyətə və əbədi mövzulara yenidən baxış” mövzusunda məruzə edib.

Xalq rəssamı akademik Ömər Eldarov, Xalq artisti professor Xuraman Qasımova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, digər çıxış edənlər Elmira Axundovanın əsərlərinin Heydər Əliyev irsinin öyrənilməsi üçün dəyərli mənbə olduğunu qeyd ediblər.

Xəbər lenti