Logo

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

04.07.2024 21:41 248 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun günü” keçirilib.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov bu il bakalavriat səviyyəsində 396, magistratura səviyyəsində 126 nəfərin məzun olduğunu bildirib.

Rektor qeyd edib ki, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramı çərçivəsində ATMU-dan indiyədək ümumilikdə 286 nəfər iki diplom əldə edib. İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da gerçəkləşən istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr Azərbaycanda, eləcə də Türkiyənin nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələniblər. Universitet indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub. Nüfuzlu “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən “THE Impact 2024” üzrə nəticələrin sıralamasında ATMU iki istiqamət üzrə 801+ qrupda qərarlaşıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq müəyyən edilən bu reytinq sıralamasında ATMU “Layiqli əmək və iqtisadi artım”, habelə “Davamlı şəhərlər və icmalar” göstəriciləri üzrə 801-1000 qrupunda yer tutub. ATMU-nun “Keyfiyyətli təhsil” üzrə dünyanın ən reytinqli universitetləri arasında 1001-1500 qrupunda yer aldığını deyən İ.Mədətov universitetdə inklüziv və bərabər keyfiyyətli təhsilin təşkili ilə yanaşı, ömür boyu təhsil imkanlarını şərtləndirən göstəricilərin diqqətdə saxlanılması tələblərinin nəzərə alındığını bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru Jens Peter məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.

Mərasimdə 2023/2024-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin məzunlarına isə diplomlar təqdim olunub.

Tədbir bədii proqramla başa çatıb.

Xəbər lenti