Logo

“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib

04.07.2024 12:57 245 baxış
IMG

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları “SABAH” məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “SABAH” qruplarının nailiyyətlərindən söz açıb. Nazir bildirib ki, “SABAH”ın yaradılmasının məqsədi rəqabət mühiti yaratmaqdır. Emin Əmrullayev qeyd edib ki, “SABAH”ın təşkil etdiyi startaplar 9 milyon manata yaxın xarici investisiyalar əldə edib.

Nazir 2024-2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində “SABAH” qruplarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Ardınca isə “SABAH”ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.

Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olunublar.

Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində “SABAH” qruplarının tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib.

Mərasimin sonunda “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb. 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr “SABAH” qruplarından məzun olur.

Hazırda Elm və Təhsil Nazirliyi “SABAH” qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edir.

Ümumilikdə “SABAH” qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.

“SABAH” qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədilə fəaliyyətə başlayıb.

Xəbər lenti