Logo

“Günümüzün qəhrəmanları”

19.04.2021 13:41 407 baxış
IMG

Naxçıvan Dövlət Universiteti (NDU) və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşəbbüsü ilə II Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib.

 

Tələbələrin hazırladığı “Günümüzün qəhrəmanları” adlı tədbirdə əvvəlcə Zəfər tarixini əks etdirən videoçarx nümayiş olunub.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın güc birliyi sayəsində əldə olunduğunu fəxr hissi ilə vurğulayıb. Rektor tələbələrin əməyini yüksək qiymətləndirib, birgə layihələrin əhəmiyyətindən söz açıb.

 

NDU-nun rektoru Elbrus İsayev Azərbaycanın 44 günlük Vətən müharibəsini dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbə kimi dəyərləndirib. Bildirilib ki, bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qələbəsidir; xalqımızın şanlı tarixidir. Hər iki ali təhsil müəssisələri tələbələrinin şəxsi təşəbbüsü sayəsində təşkil edilən tədbiri yüksək qiymətləndirən rektor vurğulayıb ki, bu cür tədbirlərin təşkili  gənclərin muxtar respublikada həyata keçirilən nümunəvi vətənpərvərlik tərbiyəsini layiqincə mənimsədiklərini göstərir. E.İsayev diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.

 

Tədbirdə Vətən müharibəsi qaziləri- Nurlan Quliyev və Pənah Mahmudovun döyüş yolu haqda slayd təqdim edilib. Hər iki qazi öz çıxışında gənclərə vətənə məhəbbət, düşmənə nifrət hislərini ifadə edib, qalib ölkənin ordusunda döyüşməkdən fəxr duyduqlarını dilə gətiriblər. Qazilər gənclərin suallarını cavablandırdıqdan sonra NDU-nun Rəngkarlıq ixtisası üzrə II kurs tələbəsi Jalə Cəfərli, Naxçıvan Müəllimlər İnstitutu Təsviri incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Təranə Zaidova çəkdikləri portretləri Vətən müharibəsi iştirakçılarına təqdim ediblər.

 

Sonda hər iki ali təhsil ocağının tələbələri vətən, Qarabağ, zəfər mövzuları və ən uca məqam olan şəhidlik zirvəsi haqda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Xəbər lenti