Logo

“Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XI beynəlxalq konfrans işə başlayıb

03.07.2024 20:53 279 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XI beynəlxalq konfrans işə başlayıb.

Bu barədə Tehsil.biz-ə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Nəsirəddin Tusi yaradıcılığına nəzər salıb. İnstitutun direktoru qeyd edib ki, Nəsirəddin Tusinin XIII əsrdə astronomiyada əldə etdiyi elmi nəticələr həmin dövrdə astronomik bilikləri inkişaf etdirməklə yanaşı, bu elmin sonrakı inkişafında da mühüm rol oynayıb. Onun rəhbərliyi ilə yaradılmış Marağa rəsədxanası dövrünün ən qabaqcıl elm ocaqlarından biri olub, orada görkəmli alimin rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində aparılan tədqiqatların nəticələri sonralar Şərqdə və Avropada geniş tətbiq edilib. Misir Mərdanov vurğulayıb ki, dünyanın məşhur rəsədxanalarında istifadə olunan cihazların əksəriyyəti məhz Nəsirəddin Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında hazırlanmış cihazların prototipidir.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Nəsirəddin Tusi təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edən yaradıcılıq yolu keçib. O, Nəsirəddin Tusinin nəsil şəcərəsi, milli mənşəyi haqqında məlumat verərək görkəmli Azərbaycan alimi ilə bağlı daha geniş aspektdə tədqiqatların aparılmasına, onun zəngin irsinin elmi cəhətdən şərh edilməsinə ehtiyac olduğunu söyləyib.

“Nəsirəddin Tusi dünya elm tarixində ən universal zəka sahiblərindən biridir”, - deyən AMEA rəhbəri onun elmin 10-dan artıq sahəsi üzrə tədqiqatların müəllifi olduğunu söyləyib, Tusini “Azərbaycan elminin Aristoteli” adlandırıb.

Akademik İsa Həbibbəyli dahi mütəfəkkirin əsərlərini Azərbaycan dilinə tərcümə olunaraq çap etdirməyin vacibliyini vurğulayıb, AMEA-nın nəşri kimi alimin çoxcildliyinin hazırlanmasının zəruriliyini qeyd edib.

AMEA rəhbəri bildirib ki, böyük Azərbaycan alimi dəqiq və texniki elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir, onun tarix, hüquq, fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astronomiya, fizika və digər sahələrdə ərsəyə gətirdiyi əsərlər əhatə etdiyi mövzular və tədqiqatların genişliyi ilə seçilir. O, alimin humanitar sahədəki tədqiqatları ilə də Şərqdə şöhrət qazandığını deyib, əruz vəzni haqqında ilk ədəbiyyat nəzəriyyəsinin məhz XIII əsrdə Tusi tərəfindən yazıldığını diqqətə çatdırıb. Vurğulayıb ki, 20-dən çox rübainin müəllifi olan Nəsirəddin Tusinin arxivlərdə qəzəllərinin də olduğu bildirilir.

Nəsirəddin Tusinin dövlət xadimi kimi xidmətlərindən danışan akademik İsa Həbibbəyli dahi mütəfəkkirin dövlətçilik tarixi ilə bağlı ilk fikir söyləyən elm xadimlərindən biri olduğunu deyib. AMEA rəhbəri Tusinin bu sahədəki fəaliyyətini ayrıca tədqiqata cəlb etməyin vacibliyini vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək tədbirin materiallarının toplu halında çap olunacağını diqqətə çatdırıb, konfransda riyaziyyatın tarixi və inkişafı ilə bağlı ayrıca bölmənin əks olunmasını yüksək dəyərləndirib.

Tədbirdə dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun “Nəsirəddin Tusinin dünya elmində rolu” mövzusunda məruzəsi dinlənilib.

Açılış mərasimində, həmçinin Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş və Özbəkistan Milli Universitetinin kafedra müdiri akademik Azimbay Sadullaev çıxış ediblər.

Beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirib.

İyunun 6-dək davam edəcək konfransda 200-dən çox məruzə dinləniləcək.

Qeyd edək ki, tədbirdə dünyanın 20-dən artıq ölkəsindən tanınmış alimlər iştirak edirlər.

Xəbər lenti