Logo

İyunun 30-da Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək

25.06.2024 09:50 177 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda iyunun 5-10-da qeydiyyatdan keçmiş və aşağıda göstərilən kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

-Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini verilən linkdən çap etməlidirlər.

-Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən çap etməlidirlər.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, həmin şəxs imtahana buraxılmayacaq.

Xəbər lenti