Logo

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

24.06.2024 19:28 146 baxış
IMG

İyunun 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclasın gündəliyində duran əsas məsələ müəssisənin bu ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının dinlənilməsi olub.

Tədbiri açan AMEA-nın prezidenti, institutun direktoru akademik İsa Həbibbəyli müəssisə əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, növbəti 6 ay ərzində elmi tədqiqatların əhatə dairəsinin daha da genişlənəcəyinə, yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Akademik İsa Həbibbəyli elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, daha səmərəli fikir mübadiləsi aparmaq məqsədilə hesabat iclaslarına AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının təhkim edildiyini bildirib.

Daha sonra iclasda Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı ilə bağlı nəzərdə tutulan işlərin vəziyyəti müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, muxtar respublikanın 100 illiyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu AMEA-nın Naxçıvan bölməsi ilə birgə “Naxçıvan ədəbi mühiti: ənənələr və müasir dövr” adlı kitab hazırlayır. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikasının yubileyinə həsr olunan tədbirin keçirilməsi nəzərdə tutulur.

İclasda Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı müəssisənin 2024-cü il üzrə yarımillik elmi hesabatını təqdim edib. O, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərlə bağlı məlumat verib.

Qeyd olunub ki, hazırda müəssisədə 2 istiqamət, 8 problem, 19 mövzu 133 iş üzrə tədqiqatlar aparılır. Məruzəçi, həmçinin elektron elmin vəziyyəti, institutun nəşr fəaliyyəti, eləcə də həyata keçirilmiş konfrans, sessiya, seminar və yubileylərdən bəhs edib. O, institut tərəfindən beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi yer ayrıldığını qeyd edərək mart ayında Kərkük Kültür Dərnəyi ilə əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Aygün Bağırlı müəssisədə gənc kadr potensialının inkişafına önəm verildiyini vurğulayıb.

Elmi katib cari ildə institutda elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən də söz açıb.

İclasda AMEA-nın Rəyasət Heyəti tərəfindən təhkim edilən Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri Ədəbiyyat İnstitutunun 2024-cü ilin birinci yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli şəkildə əks olunduğu hesabatı, görülən işləri müsbət qiymətləndirib.

Daha sonra institutun direktor müavini Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu 2024-cü ildə: nəticələr və perspektivlər” mövzusunda hesabat verib. Həmçinin Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli “Ədəbi proses-2023” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə məlumat verib.

Tədbirdə digər məsələlər də müzakirə olunub. Mövzu ətrafında çıxış edənlər institutun yarımillik fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib, müəssisənin məhsuldar işlər gördüyünü vurğulayıblar.

Sonda hesabat qənaətbəxş sayılaraq qəbul edilib.

Xəbər lenti