Logo

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

24.06.2024 18:13 298 baxış
IMG

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Bildirilib ki, BMM-in direktoru, Əməkdar artist Sahib Paşazadə institutun kollektivinə mərkəzin fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, memorandum qurumlar arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə xidmət edəcək. Həmçinin direktor, cari ilin mart ayında Beynəlxalq Muğam Mərkəzi və Özbəkistanın Milli Makom Sənət Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalandığını da nəzərə çatdırıb.

Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Nodirbek Sayfullayev Özbəkistan və Azərbaycan arasında mədəni əməkdaşlığın geniş inkişafı nəzərə alınaraq rəhbərlik etdiyi təhsil ocağı və Beynəlxalq Muğam Mərkəzi arasında əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Memorandumu yüksək dəyərləndirərək birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsinin hər iki ölkəyə məxsus mədəni irsin təbliği baxımından vacibliyini qeyd edib.

İmzalanma mərasimindən sonra qarşılıqlı sənət mübadiləsi məsələləri müzakirə edilib.

Qeyd edilib ki, həmin gün Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun “Fəxri professoru” adına layiq görülüb. Nodirbek Seyfullayev Sahib Paşazadəyə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun “Fəxri professoru” diplomunu təqdim edib. Diplom Sahib Paşazadəyə Özbəkistan və Azərbaycan arasında musiqi sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə təqdim edilib.

Xatırladaq ki, Sahib Paşazadə 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında 20 illik fasilədən sonra tar ifaçısı kimi Qran-Pri mükafatına layiq görülüb. 2018-ci ildə isə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumu çərçivəsində Beynəlxalq Muğam Festivalında Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu birincilik qazanıb. 2018-ci ilin may ayında Özbəkistandakı Heydər Əliyev Mərkəzinin dəvəti və təşkilatçılığı ilə Daşkənddə Türkistan sarayında Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə Özbəkistanın Simfonik Orkestri (dirijor Kamoloddin Urinbayev) ilə solo konsert proqramı ilə çıxış edib. 2022-ci ilin mart ayında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildə Xarəzm vilayətinin Xivə və Ürgənc şəhərlərində keçirilən mədəni tədbirlərdə çox yüksək səviyyədə iştirakına görə Xarəzm valisinin fəxri fərmanı ilə təltif edilib. 2020-ci ildə Azərbaycan və Özbəkistan arasında Xalq Çalğı Alətləri üzrə I Beynəlxalq Festivalda münsif kimi iştirak edib, 2022-ci ildə Özbəkistanın Xivə şəhərində keçirilən “Lazgi” Beynəlxalq Musiqi Festivalında fəxri qonaq kimi iştirak edərək Xarəzm vilayətinin şəhərlərində ustad-dərsləri verib. Tarzən dəfələrlə Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Nəvai, Xivə, Ürgənc və bir çox şəhərlərində keçirilən çoxsaylı mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib. Sahib Paşazadənin 2024-cü ildə Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində solo ifada çıxışları alqışlarla qarşılanıb.

Xəbər lenti