Logo

“Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir - FOTO

22.06.2024 18:21 316 baxış
IMG

Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.

Tehsil.biz xəbər verir ki, “Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında keçirilən tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək milli parklarımızla virtual tanışlıq imkanı əldə edirlər.

Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdirilir, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat verilir.

Həmçinin tədbirdə interaktiv zona da yaradılıb. Belə ki, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkir, iştirakçılar arasında ekoviktorina, “Ekosfera” sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunur. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq.

Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, ölkəmiz zəngin flora və fauna aləmi ilə seçilir, milli parklarımız hər fəsil öz gözəlliyi ilə insanları cəlb edir:

“Bu cür gözəlliklərin daha çox insan tərəfindən bilinməsi, tanınması, milli parklara turizm imkanlarının yaranması ilə bağlı bu tədbir təşkil olunub”.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev isə bildirib ki, Azərbaycanın milli parklarının tanıtımı ilə bağlı hər ay tədbirlərin keçirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, əsas məqsəd yerli və xarici turistlərin maarifləndirilməsi, milli parklara səfərlərinin təşkilinin artırılmasıdır.

 

Xəbər lenti