Logo

"Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir"

22.06.2024 17:31 165 baxış
IMG

İyunun 22-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev türkmən xalqının böyük şairi Məhtimqulu Fəraqinin 300 illiyi ilə əlaqədar “Xalqları birləşdirən tarixi və mədəni dəyərlər” mövzusunda keçirilən xüsusi onlayn iclasda iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə bildiriblər ki, Türkmənistan Məclisinin təşkilatçılığı ilə keçirilən tədbirə bir çox ölkələrin parlamentariləri, beynəlxalq təşkilatların təmsilçiləri, alim və mütəxəssislər, mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

Türkmənistan Məclisinin vitse-spikeri Qaxrıman Rozıyevin moderatorluğu ilə keçən iclasda Bəxtiyar Əliyev mövzu ilə bağlı çıxış edib. O, Məhtimqulu Fəraqinin türkmən və dünya ədəbiyyatındakı yerini, fikir və fəlsəfi düşüncə tarixindəki rolunu yüksək dəyərləndirib. Komitə sədri böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərildiyini qeyd edib, ölkəmizdə onun irsinin öyrənilməsi, təbliği və nəşri istiqamətində görülən işlərdən danışıb. Fəraqinin Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayan B.Əliyev şairin Azərbaycanda olarkən ölkəmizin insanını, təbiətini və gözəlliklərini vəsf edən “Yaylaqları var” şeirini yazdığını da deyib.

Digər çıxış edənlər böyük türkmən şairi və görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin ideyaları və ədəbi irsinin bu gün də xalqlar arasında körpü rolu oynadığını, onun humanizmə, xalqlar arasında mənəvi birliyə, dostuq və qardaşlığa çağırış motivlərinin aktuallığı ilə seçildiyini vurğulayıblar.

Xəbər lenti