Logo

ADA Universiteti Milan Politexnik Universiteti ilə birgə Şəkidə təlim proqramı həyata keçirib

20.06.2024 22:35 327 baxış
IMG

“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə sertifikatlaşdırılmış praktiki təlim proqramının Şəki modulu fəaliyyətini başa vurub.

Bu barədə "Tehsil.biz"ə ADA Universitetindən məlumat verilib.

ADA Universitetinin Milan Politexnik Universiteti ilə birgə təklif etdiyi sertifikat proqramında özəl və ya dövlət sektorunda, eləcə də şirkət və müəssisələrdə çalışan təcrübəli memarlar və tədqiqatçılar daxil olmaqla ümumilikdə 20 iştirakçı Şəkidə bir araya gələrək tarixi ərazinin mühafizəsi, idarə edilməsi və transformasiyası barədə müzakirələr aparıblar.

Milan Politexnik Universitetinin nümayəndə heyətinin də iştirak etdiyi proqramda bu universitetin rektor müşaviri, Dizayn və memarlıq fakültəsinin professoru Silvia Ferraris açılış nitqi ilə çıxış edib. Milan Politexnik Universitetində restavrasiya üzrə dosent Nora Lombardini və ADA Universitetində İtaliya ilə əlaqələr, strategiya və inkişaf üzrə direktor Aynurə Hüseynova iştirakçılara proqramın gündəliyi barədə məlumat veriblər.

Üç moduldan ibarət proqramın Şəki modulunda iştirakçılar memarlıq irsinin tədqiqinin prinsipləri və üsulları ilə bağlı seminarlarda iştirak ediblər. Seminarda Milan Politexnik Universitetinin ekspertləri “Bina sorğusunun aparılması” mövzusunda çıxış ediblər. İştirakçılar, həmçinin tarixi binalara və layihənin mövzusu olan Beş-Malikanə kompleksinə baş çəkərək yerli tərəfdaşlarla görüşüblər. Keçmiş uşaq evinə - Zülfüqarovların malikanəsinə, eləcə də yeni kampus ərazisinə səfər binaların bərpası ilə bağlı vəziyyətin öyrənilməsi və yeni kampus ərazisinin və beş malikanənin mədəni irs kimi qorunub saxlanılması və təkrar istifadəsi üçün konsepsiyanın təklif edilməsi baxımdan mühüm rol oynayıb.

Təlim zamanı qeyd edilib ki, proqram həm də paradiqmatik və metodik cəhətdən təkrarlana bilən nəticələri hədəfləyib. Əlavə edilib ki, iştirakçılar proqram çərçivəsində UNESCO-nun beynəlxalq qaydalarına (ICOMOS və ICCROM) uyğun mövcud qlobal tendensiyaları və ən yaxşı beynəlxalq təcrübələri əsas götürərək irsin təkrar istifadəsi və transformasiyası üçün həll yollarını axtarıb və yerli şəraitə uyğunlaşdırma metodlarını araşdırıblar.

Qeyd edək ki, ADA Universitetinin Memarlıq və dizayn fakültəsinin 2019-cu ildən UNESCO-nun siyahısına daxil edilən və irsi dəyərlər və strateji rolu əhəmiyyət kəsb edən Şəki şəhərində açılması ADA Universitetinin bu dəyərlərin dirçəldilməsinə verdiyi önəmin təcəssümüdür.

Xatırladaq ki, sertifikat proqramının ikinci modulu Milanda, sonuncu modulu isə Bakıda keçiriləcək. Son mərhələdə iştirakçılar qruplara bölünərək Şəkidəki layihənin mövzusu ilə bağlı öz təkliflərini əsaslandırmaq üçün layihə yönümlü işlər görəcəklər. Həmin layihələr komandalar tərəfindən təhlil, sorğular, rəsmlər, eskizlər, 3D vizuallar və layihə konsepsiyasını təmsil edən ilkin modellərlə təqdim olunacaq. Sertifikat proqramının sonunda keçiriləcək konfransda bütün konsepsiya təklifləri ictimaiyyətə təqdim ediləcək və ən yaxşı layihələr seçiləcək.

Xəbər lenti