Logo

“Pianissimo” adlı duet konsert təqdim olundu - FOTO

20.06.2024 15:53 195 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənli və bəstəkar, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımovanın ilk duet konserti təqdim edilib.

Muğam Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, konsertdə İ.Bax, A.Vivaldi, J.Bize, M.Ravel, Q.Qarayev və digər bəstəkarların solo fortepiano, duet üçün yazdığı orijinal və işləmə əsərləri səsləndirilib.

Qeyd edək ki, pianoçular dəfələrlə eyni səhnəni bölüşsələr də, ilk dəfə fortepiano dueti kimi bir araya gəlib konsert proqramı ilə çıxış ediblər. Konsertdə səslənən əsərlər tarixi xronoloji ardıcıllıqla deyil, əsərlərin bədii quruluşuna əsasən sıralanıb. İfaçılar konsert zamanı həm də aparıcı qismində çıxış edərək əsərlər barəsində qısa məlumatları tamaşaçıların diqqətinə çatdırıblar. Bu da öz növbəsində konsertin səmimi atmosferdə keçməsinə zəmin yaradıb.

Konsertin proqramı dolğun olması ilə yanaşı klassik musiqidən başlayaraq, impressionizm və müasir musiqiyə qədər geniş diapazonu əhatə edib. Proqram A.Vivaldi mövzuları əsasında, işlənməsi Amerika pianoçusu Greg Andersona məxsus "Göz yaşı yağışı" ilə açılıb, daha sonra Ü.Kazımova fortepiano üçün yazdığı miniatürləri ifa edib. Həmçinin bəstəkar yeni bəstəsi olan “Yaşanmayan ana xatirəsi” əsərini və Fəqan Həsənli öz işləməsində Fikrət Əmirovun "Mən səni araram" mahnısına improvizasiyanı ilk dəfə təqdim ediblər. Konsert Q.Qarayevin "Yeddi gözəl" baleti əsasında M.Perevertaylonun işlənməsi olan “Gözəllər gözəli” və A.Məlikovun "Skerso" əsərinin ifası ilə yekunlaşıb.

Qeyd edək ki, Ülviyyə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar müəllim, professor Səidə Behbudovanın sinfini bitirməklə yanaşı, Xalq artisti Arif Məlikov və professor Ceyhun Allahverdiyevdən bəstəkarlıq dərsləri alıb. "Musiqili anlar", "Pyeslər", violin və piano üçün 4 hissəli "Silsilə"nin müəllifidir və 2022-ci ildə fortepiano əsərlərindən ibarət not kitabı dərc olunub. 2012-ci ildə Finlandiyada keçirilən Pianoçuların Beynəlxalq müsabiqəsində laureat, Ümumrusiya Musiqi Yaradıcılıq Birliyinin keçirdiyi "Piano duet" nominasiyasında Qran-Pri mükafatına layiq görülüb.

Fəqan Həsənli də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Piano fakültəsini, professor Tərlan Seyidovun sinfini bitirib. Azərbaycan, Gürcüstan və Bolqarıstanda keçirilən beynəlxalq müsabiqələrdə birincilik qazanıb, Gənclər mükafatı laureatıdır. Q.Qarayevin üçsəsli fuqasının, C.Qarayevin sonatasının ilk ifaçısıdır. Müxtəlif illərdə ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Estoniya, Bolqarıstan və digər ölkələrdə müsabiqə, festival, konfranslarda həm solist, həm də konsertmeyster kimi çıxış edib. 2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festival çərçivəsində keçirilən konsertdə dünyaşöhrətli E.Bronfmanla birlikdə eyni səhnəni bölüşüb. 2022-ci ildə Macarıstanın Mendelson Kamera orkestri ilə həm pianoçu, həm də ilk dəfə olaraq dirijor kimi çıxış edib. 2024-cü ildə ilk albomu işıq üzü görüb.

Xəbər lenti