Logo

AMEA ilə Hebey Sosial Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalandı - FOTO

20.06.2024 11:22 167 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin başçılığı ilə Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti Hebey Sosial Elmlər Akademiyasının rəhbərliyi ilə görüşüb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Hebey Sosial Elmlər Akademiyasının prezidenti akademik Luy Sinbin rəhbərlik etdiyi elmi qurumun tarixindən, tədqiqat istiqamətlərindən ətraflı söz açaraq Çin və Azərbaycanın Elmlər akademiyaları arasında yaradılan elmi əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyətini qeyd edib, perspektivlərdən danışıb. Son illərdə Azərbaycan və Çin prezidentləri tərəfindən inkişaf etdirilən dostluq münasibətləri sayəsində dünyamiqyaslı qlobal layihələrdə ölkələrimizin birgə iştirakının elm sahəsinə də xüsusi diqqət yetirilməsinin vacibliyini önə çıxardığını, dost dövlətlərin prioritet istiqamətlərindən birini təşkil edən elmi əməkdaşlığa da daim diqqət yetirilməsinin önəmini xüsusi vurğulayan Hebey Sosial Elmlər Akademiyasının prezidenti qarşılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsinin böyük əhəmiyyətini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Azərbaycan və Çin liderləri tərəfindən qurulmuş möhkəm əməkdaşlıq münasibətlərini xatırladaraq bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm əlaqələr yaradıldığını bildirib. AMEA-nın tarixi, onun prioritet elmi istiqamətləri, aparılan tədqiqatlar barədə ətraflı məlumat verərək qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini diqqətə çatdıran AMEA rəhbəri mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, AMEA prezidenti Azərbaycanın elm və ali təhsil müəssisələrində, o cümlədən AMEA-da Çin tarixi, dili, ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar aparılan tədqiqatlar haqqında da məlumat verib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Hebey Sosial Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Azərbaycan tərəfdən akademik İsa Həbibbəyli və Çin tərəfindən isə akademik Luy Sinbin imzalayıblar. Sənəddə elmi əməkdaşlığın gücləndirilməsi, prioritet istiqamətlərin inkişaf etdirilməsi, elmi nəşrlərin mübadiləsi üzrə müddəalar öz əksini tapıb.

Görüşdə Azərbaycan alimləri ilə yanaşı, Hebey Sosial Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri və əməkdaşları iştirak ediblər.

Xəbər lenti