Logo

“İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyalar” mövzusunda məruzə dinlənilib - FOTO

14.06.2024 10:57 150 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş növbəti ümumşəhər seminarı keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, seminarda institut əməkdaşları ilə yanaşı, Azərbaycan Memarlıq və Inşaat Universitetinin, Neft-Kimya Prosesləri İnstitutunun və digər müəssisələrin nümayəndələri iştirak ediblər. İnstitutun direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev “İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyalar” mövzusunda məruzəsində son 200 ildə qlobal iqlim dəyişiklikləri, xüsusilə orta qlobal temperaturun artması ilə istilik effekti yaradan qazların emissiyası arasında olan asılılıqlardan danışıb. Qeyd edib ki, əgər son 150 ildə temperatur artımı 0.8-1.2 dərəcə təşkil etmişdirsə, tədbir görülmədiyi hallarda əsrin sonunadək bu artım 4 dərəcəyə çata bilər. Məruzəçi iqlim dəyişmələrinin kənd təsərrüfatına, insan sağlamlığına, su resurslarına təsirindən bəhs edib.

İqlim dəyişmələrinə qarşı azkarbonlu texnologiyaların tətbiqi imkanlarından danışan İ.Mustafayev institutda hidrogen energetikası sahəsində aparılan elmi-tədqiqat işlərini, habelə energetikada və kimya sənayesində azkarbonlu texnologiyalara keçidin zəruriliyini vurğulayıb. O, həmçinin neft-kimya sənayesində, ammonyakın və olefinlərin alınması və karbon-dioksid qazının utilizasiyası proseslərində yüksək enerjilər kimyasının metodlarından istifadə etməyin üstünlüklərindən danışıb.

Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbər lenti