Logo

Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisi açılıb - FOTO

13.06.2024 23:20 170 baxış
IMG

YARAT Müasir İncəsənət Məkanında multidisiplinar rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisi açılıb.

Tehsil.biz xəbər verir ki, “Sükutun səsləri” Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey sərgisidir.

YARAT-ın sifarişi ilə hazırlanan sərgi qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Öz layihəsində rəssam məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxularını və ümidsizliyini vurğulayır. Ekspozisiyada aqlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.

Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca “danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır. Bu səslər instalyasiyanın estetik əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayır.

“Sükutun səsləri” instalyasiyası ümid və xatirə simvoluna çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ edən – dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət edir.

Sərginin kuratoru Fərəh Ələkbərlidir.

Xəbər lenti