Logo

MEK-də TİKA ilə əməkdaşlığın perspektivləri müzakirə edilib - FOTO

13.06.2024 20:34 144 baxış
IMG

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Hüseyn Hüseynov ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik arasında görüş keçirilib.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, qonaqlar görüşdən əvvəl kitabxananın Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələrə, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Səncər” sərgilərinə baxıb, həmçinin Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.

Dəyirmi masa ətrafında davam edən görüşdə Hüseyn Hüseynov Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət sahəsində də əlaqələrinin yüksək templə inkişaf etdiyini diqqətə çatdırıb, AMEA-nın da bu istiqamətdə öz töhfələrini verdiyini qeyd edib. O, ilk dəfə olaraq Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Bakı ofisinin akademiyada açıldığını, bununla da Türkiyənin nüfuzlu akademik qurumları ilə AMEA-nın elmi əməkdaşlıq əlaqələrinin genişləndirildiyini vurğulayıb. TİKA ilə də əməkdaşlığın perspektivlərini diqqətə çatdıran direktor qeyd edib ki, Azərbaycanda mövcud olan ən böyük elmi kitabxana kimi MEK-in qarşıda duran əsas məqsədi ən son texnoloji yenilikləri tətbiq etməklə oxucuların elektron kitab ehtiyacını ödəməkdir. Bu istiqamətdə isə dünya ölkələrinin, o cümlədən Türkiyənin qazandığı təcrübədən faydalanmağın əhəmiyyətli olacağını vurğulayıb. Direktor, həmçinin bu sahədə TİKA dəstəyinin önəmini bildirib və əməkdaşlığın inkişafa təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Hayrettin Özçelik isə MEK-lə tanışlıqdan məmnunluğunu qeyd edib, qardaş ölkənin təşkilatları tərəfindən təklif edilən təşəbbüslərə dəstək göstərməyə hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

Görüş əsnasında bəzi real problemlər və onların həlli yolları, birgə layihələr ətrafında fikir mübadiləsi də aparılıb.

Xəbər lenti