Logo

BDU-nun nümayəndə heyəti Tailandın Kasetsart Universitetində olub - FOTO

13.06.2024 18:59 125 baxış
IMG

Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Davamlı İnkişaf Konqresində iştirak edən Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti bu ölkənin Kasetsart Universitetində görüş keçirib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə çıxış edən rektorun müşaviri Şəbnəm Səfərova Kasetsart Universiteti ilə əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağını bildirib, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlıq perspektivlərindən söz açıb.

Kasetsart Universitetinin prezidenti Çonqrak Vaçrinrat Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib. O, bu görüşün Azərbaycan universitetləri ilə ikitərəfli əməkdaşlığın başlanğıcı olduğunu, əlaqələrin daha da genişləndirilməsi üçün səy göstərəcəklərini, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində və yay məktəblərinin təşkilində maraqlı olduqlarını vurğulayıb. Çonqrak Vaçrinrat BDU-nun akademik heyətinin Kasetsart Universitetinin tələbə və akademik heyətinə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında onlayn qaydada mühazirələr verməsini təklif edib.

Qeyd edək ki, əsası 1943-cü ildə qoyulmuş Kasetsart Universiteti QS dünya universitetləri reytinqində 781-790-cı, “QS Sustainability” reytinqində 417-ci, QS dünya universitetləri fənn reytinqində isə 62-ci sırada yer alır. Kasetsart Universiteti “Green Metric” reytinqi üzrə “yaşıl universitet” kimi Tailandda 1-ci, dünyada isə 38-ci sıradadır. Burada 35 fakültədə 424 proqram üzrə 70000-dən çox tələbə təhsil alır.

Xəbər lenti