Logo

DİM ilə Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi arasında təcrübə mübadiləsi genişləndiriləcək

13.06.2024 18:00 143 baxış
IMG

İyunun 13-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev və DİM-in struktur bölmələrinin rəhbərləri ilə Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) rəhbəri Bayram Əli Ərsoy və Türkiyənin Milli Təhsil Nazirliyinin Bakıdakı təhsil müşaviri Yurdagül Aydoğan arasında görüş keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, görüşdə ölçmə və qiymətləndirmə sahəsində tətbiq edilən yeni metod və yanaşmalar, imtahanların rəqəmsallaşdırılması, yoxlama-ölçmə materiallarının hazırlanması və yoxlanılmasında süni intellektin tətbiqi, dövlət qulluğuna qəbulda səriştə yönümlü qiymətləndirmənin həyata keçirilməsi, beynəlxalq səviyyədə akkreditasiya olunan standartlaşdırılmış imtahanların keçirilməsi, qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, beynəlxalq təşkilatların fəaliyyətində birgə iştirak və s. məsələlər müzakirə edilib.

Qonaqlar, həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.

Xatırladaq ki, Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) Türkiyədə universitetlərə, dövlət qulluğuna qəbul və s. genişmiqyaslı imtahanların təşkilinə məsul olan orqandır. Qurum ilk dəfə 1974-cü ildə Universitetlərarası Şura tərəfindən “Universitetlərarası Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÜSYM)” adı ilə yaradılıb. 2011-ci ildə isə adı Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi olaraq dəyişdirilib. ÖSYM il ərzində 10 milyondan çox insan üçün müxtəlif növ imtahan keçirir.

Xəbər lenti