Logo

Qlobal iqlim dəyişmələrinin ekosistemlərə təsiri ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO

13.06.2024 12:22 130 baxış
IMG

Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Zoologiya İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkilinə həsr edilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransı açan Zoologiya İnstitutunun direktoru dosent Ələddin Eyvazov bildirib ki, konfransa 18 yerli, 4 xarici qurumdan 41 məruzə və 51 posterlə çıxış təqdim olunub. Üç seksiyada davam edəcək konfrans ölkə rəhbərinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirilir: “Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir, digər tərəfdən də ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır”.

Vurğulanıb ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Son 20 ildə ölkəmizdə həyata keçirilən sənayeləşdirmə layihələrində ətraf mühitin qorunması üçün ən yeni texnologiyalardan istifadə olunması, ölkədə ekoloji sağlamlığın təmin edilməsi üçün ayrı-ayrı dövlət proqramlarının həyata keçirilməsi, yaşıl enerjinin istehsalına və ondan istifadəyə geniş yer verilməsi dövlət səviyyəsində ekoloji problemlərə prioritet yanaşmanın təsdiqidir. Ölkənin flora və fauna sərvətlərinin mühafizə edilməsi, ictimai düşüncədə ekoloji maarifləndirmə işlərinin aparılması, yaşıllaşdırmanın təbliği kimi layihələr davamlı olaraq dövlət tərəfindən dəstəklənir. Hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. “Yaşıl enerji”yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə “yaşıl enerji” keçidi sürətləndirir.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mikrobiologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, eləcə də onlayn olaraq xarici qonaqlar - Türkiyə Fırat Universitetindən biologiya elmləri doktoru Naim Sağlam, Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Nikita Çernetsov, V.N.Karazin adına Xarkov Milli Universitetinin professoru Sergey Utevsky və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi və layihə koordinatoru Zeynəb Seyidova çıxış ediblər.

Zoologiya İnstitutunun akt zalında reallaşan seksiya iclaslarında maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb. Birinci seksiyada “Quru və su ekosistemlərində baş verən dəyişikliklərin bioloji müxtəlifliyə təsiri” istiqaməti üzrə müxtəlif təşkilatlardan - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti İqlim Dəyişmələri Mərkəzindən, Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutundan, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutundan, Türkiyə Fırat Universitetindən, V.N.Karazin adına Xarkov Milli Universitetindən, Bakı Dövlət Universitetindən, eyni zamanda, Bioresurslar İnstitutu (Naxçıvan) və Zoologiya İnstitutundan daxil olmuş məruzələr dinlənilib. İkinci seksiyada isə “Nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması” və “Bioloji resursların davamlı istifadəsi və idarə edilməsi” istiqamətləri üzrə müxtəlif qurumlardan - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Zoologiya və Dendrologiya, Bioresurslar (Naxçıvan) institutları və WWF Azərbaycan nümayəndəliyindən daxil olmuş məruzələr dinlənilib və müzakirələr aparılıb.

Xəbər lenti