Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
İdarədən "Tehsil.biz"ə bildirilib ki, nəticələrə əsasən, test imtahanında iştirak edən 94 namizəddən 22-si 30 sualdan 18 və daha çoxunu doğru cavablandıraraq müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb. Test imtahanının nəticələri namizədlərin elektron poçt ünvanlarına göndərilib.
Müsabiqənin müsahibə mərhələsinə iyunun 13-dən start veriləcək.
Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınacaq.