Logo

BAAU-nun ev sahibliyi ilə simpozium keçirilir - FOTO

11.06.2024 20:46 189 baxış
IMG

İyunun 11-də Bakı Avrasiya Universitetinin (BAAU) ev sahibliyi ilə XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılışı olub.

Tehsil.biz xəbər verir ki, tədbir Bakı Avrasiya Universiteti, Türkiyənin Niğde Universiteti və Qazax Qızlar Milli Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində çıxış edən Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Hüseynli əsas mövzusu “Türk dünyasının 2040-cı il üçün hədəfləri və Türk Dövlətləri Təşkilatı” olaraq müəyyən edilən simpoziumun işinə uğurlar arzulayıb. Rektor bildirib ki, Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun məqsədi Türk dünyası alimlərini, ziyalılarını bir yerə toplamaqla dil, ədəbiyyat, tarix, fəlsəfə, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, beynəlxalq əlaqələr və digər sahələrdə aktual məsələlərin müzakirəsi, yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılması, ortaq layihələrin hazırlanmasıdır. Ənənəvi olaraq açılış mərasimində keçirilən “Kökümüz bir, türkük” festivalı tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.

Türkiyənin Ölçmə, Seçmə və Yerləştirmə Mərkəzinin rəhbəri professor Bayram Ali Ersoy qeyd edib ki, türkdilli ölkələr arasında əməkdaşlıq və həmrəyliyin əsasını təşkil edən ortaq tarixi dəyərlərin, mədəni irsin və dilin qorunması, gələcək nəsillərə çatdırılması vacibdir. Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu türkdilli ölkələr arasında münasibətlərin genişləndirilməsi və gücləndirilməsi baxımından mühüm hadisədir.

Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, Niğde Ömer Halisdemir Universitetinin rektoru professor

Hasan Uslu, Qazax Qızlar Milli Pedaqoji Universitetinin prorektoru Zakir Jumakulov, Milli Məclisin deputatı, professor Elşad Mirbəşiroğlu çıxış edərək Türk dünyasının potensialından, türkdilli dövlətlərin uğurlu dialoq mühitindən danışıblar. Simpoziumun türk xalqlarının əlaqələrində yeni yanaşmalara, ortaq tədqiqatlara, qarşılıqlı inteqrasiyaya təkan verəcəyini diqqətə çatdırıblar.

Daha sonra açılış mərasimində türkdilli ölkələrin universitet nümayəndələrinin təqdimatında türk xalqlarının tarix və mədəniyyətini əks etdirən “Kökümüz bir, türkük” festivalı keçirilib.

İyunun 13-dək davam edəcək simpoziumun panel sessiyalarında Türk dünyasını maraqlandıran mövzular üzrə məruzələr və elmi araşdırmaların perspektivlərinə dair müzakirələr aparılacaq.

Xəbər lenti