Logo

İşğaldan azad olunmuş ərazilərin yabanı bitki müxtəlifliyinin tədqiqinə başlanılıb - FOTO

10.06.2024 18:29 139 baxış
IMG

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin əməkdaşları - böyük elmi işçi Vahid Güvəndiyev, elmi işçilər Kəmalə Əsədova, Günel Quliyeva və Günel Allahverdiyeva Şuşa, Füzuli və Cəbrayıl rayonlarında ekspedisiyada olublar.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, ekspedisiya 8 marşrut üzrə həyata keçirilib, həmin rayonlarda yayılan mədəni bitkilərin yabanı əcdadları tədqiq edilib, onların arealları dəqiqləşdirilib və tədqiqi planlaşdırılan əcdad bitkilərdən 22 fəsiləyə, 56 cinsə aid 100 növ üzrə 350 nüsxədən artıq herbari materialları toplanılıb. Toplanılan bitkilər arasında paxlalılar fəsiləsinə (Fabaceae Lindl.) aid qarayonca, lərgə, üçyarpaq yonca, xaşa, taxıllar fəsiləsinə (Poaceae Barnhart) aid çovdar, arpa, vələmir, buğdayıot, müxtəlif fəsilələrə aid mühüm dərman (xəşənbülü, qırxbuğum, itburnu, bəlğəmotu, çobanyastığı, yovşan, üzərlik, kasnı, daş yarpızı, limonotu, ballı nanə, bağayarpağı, boymadərən, aptek qambatı), ədviyyat (kəklikotu, yarpız və s.), ərzaq və qida əhəmiyyətli (yabanı yerkökü, cacıx, qırmızıbaş soğan, əməköməci, tərə, əvəlik, tut, alça və s.) bitkilər üstünlük təşkil edir.

Toplanılan bəzi növlərin yeni yayılma sahələri aşkarlanıb, beynəlxalq deskriptor formaları üzrə monitorinq məlumatları qeyd edilib. Hər bir növün in situ şəraitdə populyasiyasının vəziyyəti, rast gəlinən bitki qruplarının fitosenoloji təhlili aparılıb və bitkilərin təbiətdə orijinal fotoları çəkilib.

Xəbər lenti