Logo

BDU-da tədbir: “Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi”

30.05.2024 13:18 180 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin və Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan: yurd yerimizə sahib çıxaq” adlı birgə layihəsi çərçivəsində “Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” mövzusunda tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Qərbi Azərbaycan İcmasının fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın hazırlanması elm və təhsil müəssisələri qarşısında da bir sıra vəzifələr qoyub. Bu məqsədlə BDU-da Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb, İcma ilə birgə tədbirlərə başlanılıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə qeyd edib ki, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nda Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb. Əziz Ələkbərli vurğulayıb ki, qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Fəxriyyə Həvilova, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov çıxışlarında Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və soydaşlarımıza qarşı törətdiyi vandalizm aktlarından bəhs edib, bu ərazinin maddi və mənəvi irsi haqqında məlumat veriblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın Qarabağda böyük Zəfəri, Ermənistanın 30 illik işğalına son qoyması öz əzəli yurdlarından didərgin düşən bütün qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırıb.

Xəbər lenti