Logo

Məktəblilər “Ədibin Evi”ndə istiqlal tariximizi müzakirə ediblər - FOTO

30.05.2024 12:21 285 baxış
IMG

“Məktəblilər “Ədibin Evi”ndə” layihəsi çərçivəsində növbəti görüş “Müstəqilliyə aparan maarif yolu” mövzusuna həsr olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, 54 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, müstəqilliyə aparan şərəfli yolun tarixi ilə bağlı müzakirələr aparıblar.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva görkəmli alim Mir Cəlalın Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli yazıçı və pedaqoq Mir Cəlal Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir. Ş.Mehrəliyeva Mir Cəlalın bədii yaradıcılığının müstəqillik, müasirlik ideyaları ilə seçildiyini və əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətlərinin bu gün də aktual olduğunu söyləyib.

Elm və Təhsil Nazirliyinin Uşaqların müdafiəsi idarəsinin rəis müavini Günel Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs edib. Qeyd edib ki, Cümhuriyyət cəmi 23 ay yaşasa da, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın müstəqilliyinin, suverenliyinin təməlini qoyub. Məhz buna görə də Azərbaycan vətəndaşları Xalq Cümhuriyyətini yaradanları böyük minnətdarlıq hissi ilə yad edirlər.

Sonda məktəblilərə Mir Cəlalın “İki rəssam” kitabının nüsxələri hədiyyə edilib.

Qeyd edək ki, “Məktəblilər “Ədibin Evi”ndə” layihəsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.

Xəbər lenti