Logo

ADA Universitetinin biznes proqramları beynəlxalq "ACBSP" akkreditasiyasını əldə edib

29.05.2024 13:03 125 baxış
IMG

ADA Universitetinin biznesin idarə edilməsi üzrə həm bakalavr (BBA), həm də magistr (MBA) proqramları Biznes Fakültələri və Proqramları üzrə Akkreditasiya Şurası (ACBSP) tərəfindən akkreditasiya olunub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bununla da ADA Universiteti "ACBSP" akkreditasiyasına layiq görülən ilk Azərbaycan universiteti olub. Həmçinin ADA Universitetinin biznes proqramları "ACBSP" akkreditasiyasını əldə etməklə dünyanın sözügedən keyfiyyət nişanına malik 1000 ən yaxşı proqramları sırasına qoşulub.

Sözügedən akkreditasiya 2024-cü ildən başlayaraq on il müddətinə etibarlı olacaq. Bu akkreditasiya universitetin müəllim və tələbə heyətinin beynəlxalq təhsil mühitində və əmək bazarında işgüzar dəyərini artırır.

Akkreditasiyanın tələbələrə verdiyi digər bir üstünlük də ondan ibarətdir ki, məzunlar nəinki yerli, hətta xarici biznes mühitində daha asanlıqla rəqabət üstünlüyü qazanırlar, eyni zamanda, onlar işəgötürənlər tərəfindən beynəlxalq səviyyəli mütəxəssis kimi qəbul edilirlər. “ACBSP” beynəlxalq akkreditasiyası liderlik, strateji planlaşdırma, maraqlı tərəflərlə əlaqələr, akademik proqramların keyfiyyəti, pedaqoji heyətin keyfiyyəti və akademik dəstək xidmətləri aspektləri kimi yeddi fərqli meyar üzrə çoxşaxəli qiymətləndirməni ehtiva edir. 

Xatırladaq ki, ADA Universiteti 2019-cu ildən etibarən "ACBSP"yə üzvlük hüququ əldə edib. Lakin "ACBSP" tərəfindən akkreditasiyası üçün monitorinq prosesi bu ilin fevral ayından etibarən başlayıb. Bu məqsədlə "ACBSP"nin komissiya üzvləri ölkəmizə səfər edib, ADA Universitetinin rəhbərliyi, administrativ və pedaqoji heyəti, habelə tələbə və məzunları, işəgötürənləri ilə intensiv görüşlər keçiriblər. Monitorinq nəticələri analiz edildikdən sonra Akkreditasiya Şurası biznes proqramlarının "ACBSP" tərəfindən müəyyən edilmiş beynəlxalq təhsil standartlarına cavab verdiyini təsdiqləyib.

“ACBSP” 30 ildən çoxdur ki, qlobal biznes proqramlarının akkreditasiyasında mükəmməlliyi təşviq edən və bakalavriatdan doktoranturaya qədər bütün təhsil səviyyələri üçün ixtisaslaşmış biznes akkreditasiyası təklif edən ilk təşkilatdır.

Xəbər lenti