Logo

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

28.05.2024 20:50 140 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) 28 May – Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib.

"Tehsil.biz"in məlumatına görə, rektor Yusif Yusibov deyib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi tarixi hadisə və ölkəmizin dövlətçiliyinin inkişafında şanlı səhifələrdən biridir:

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, mütərəqqi addımlara və nailiyyətlərə imza atıb, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib.

Yusif Yusibov çıxışında ölkəmizin yenidən müstəqilliyinin bərpasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən də geniş bəhs edib.

Daha sonra Müstəqillik Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın “Azərbaycanın müstəqilliyini xilas etmiş, əbədiləşdirmiş Lider”, rektorun baş müşaviri Asif Cavadovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi”, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Azərbaycan Xalq Cümhuriyyəti – Azərbaycan tarixində ilklər”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazovanın “Cümhuriyyət dövrünün ədəbi-mədəni mühitə təsiri”, Ümumi tarix kafedrasının müəllimi Elmira Əliyevanın “Azərbaycanın dövlətçilik tarixində Cümhuriyyətin rolu” mövzusunda məruzələri dinlənilib.

Çıxışlarda ölkəmizin müstəqillik uğrunda keçdiyi şərəfli yoldan və Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövründən ətraflı danışılıb. Qeyd edilib ki Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin, dövlətçiliyimizin şanlı səhifələrindən biridir.

Xəbər lenti