Logo

Botanika İnstitutu ilə ADPU əməkdaşlıq edəcək - FOTO

28.05.2024 12:17 172 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, eyni zamanda, Genetik Ehtiyatlar İnstitutu arasında təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlıq üzrə memorandumlar imzalanıb.

Bu barədə "Tehsil.biz"ə Botanika İnstitutundan məlumat verilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən mərasimdə memorandumları ADPU-nun rektoru professor Cəfər Cəfərov, Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva, Genetik Ehtiyatlar Institutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov imzalayıblar.

Memorandum tərəflər arasında müvafiq istiqamətlər üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, kadr hazırlığı sahəsində birgə əməkdaşlıq, elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov rəhbəri olduğu universitetin Botanika İnstitutu və Genetik Ehtiyatlar İnstitutu ilə birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması, elmi kadrların hazırlanması, müasir tələblərə cavab verən dərsliklərin yazılması, elmi konfransların keçirilməsi və digər məsələlər üzrə gələcək əməkdaşlığının zəruriliyini vurğulayıb.

Professor Səyyarə İbadullayeva çıxışı zamanı Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq layihələri, mövcud maddi-texniki bazası və kadr potensialı haqqında ətraflı məlumat verərək təcrübə mübadiləsi üçün geniş imkanlar olduğunu vurğulayıb. Professor iki qurum arasında imzalanan memorandumun əhəmiyyətini önə çəkərək bildirib ki, əsas məqsəd elm və təhsilin inteqrasiyasını inkişaf etdirmək, o cümlədən birgə layihələrdə və ekspedisiyalarda tələbələrin iştirakını təmin etməklə botanika elminin inkişafına dəstək verməkdir.

Xəbər lenti