Logo

BMU-da Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTO

27.05.2024 13:07 152 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Tədbirdə kollecin tələbələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Fikrət Əmirov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Tofiq Bakıxanov, Rauf Hacıyev, Aqşin Əlizadə, Rauf Məmmədov, Dmitriy Şoştakoviç və başqa tanınmış bəstəkarların əsərləri istedadlı gənclərin, respublika müsabiqələr laureatlarının ifasında alqışlarla qarşılanıb.

BMU-nun rektoru Yaqub Piriyev belə bir möhtəşəm konsert proqramına görə Musiqi Kollecinin direktoru professor Nazim Kazımov başda olmaqla musiqi məktəbinin tələbələrinə və kollektivinə təşəkkürünü bildirib. Rektor ötən il 125 illik yubileyini qeyd edən, musiqi mədəniyyətimizin formalaşmasında böyük xidmətləri olan Musiqi Kollecinin gənc istedadlı tələbələri ilə bağlı təəssüratını bölüşüb, onların gələcəkdə Azərbaycan musiqi sənətinə yeni-yeni töhfələr verən şəxslər olacağına şübhə etmədiyini vurğulayıb. Yaqub Piriyev qonaqları və universitetin kollektivini Müstəqillik Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Nazim Kazımov isə ölkəmiz üçün uzun illərdir peşəkar musiqi kadrları hazırlayan və adlı-sanlı sənətkarların çalışdığı, zəngin ənənələri olan Musiqi Kolleci haqqında qısa məlumat verib. Bayram münasibətilə ən səmimi təbriklərini nəzərə çatdıran və BMU-da konsert proqramı ilə çıxış etməkdən məmnun olduqlarını vurğulayan professor universitet rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Xəbər lenti