Logo

“Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans keçirilib - FOTO

27.05.2024 11:43 200 baxış
IMG

Bakı Dövlət Universiteti, Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası, YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunan “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda konfrans keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yaradılmasının 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan bəhs edib. Qeyd edib ki, Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratması mühüm tarixi nailiyyətdir.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik ənənələrində özünəməxsus yer tutur. O dövrdə Cümhuriyyət müəyyən səbəblərdən süqut etdi. Lakin xalqımız XX əsrin sonunda yenidən azadlığa qovuşdu və dövlət müstəqilliyini bərpa etdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın sarsılmaz bünövrəsini yaratdı, dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün dünyada böyük nüfuza malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz ən qüdrətli dövrünü yaşayır. Dövlətimizin başçısının Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, respublikamızın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, beynəlxalq miqyasda nüfuza malik olması hər bir vətəndaşı qürurlandırır. Bu, ölkə rəhbərinin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”.

BDU-nun prorektoru Əliş Ağamirzəyev isə qeyd edib ki, milli dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti müstəsna yer tutur. Cəmi 23 ay mövcud olmuş Cümhuriyyət Şərqdə demokratik ənənələrin formalaşmasına əhəmiyyətli təsir göstərib. Cümhuriyyətin uğurlarından biri də 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasıdır. Bu gün milli dövlətçilik ənənələrimizin davam etdiyini deyən Əliş Ağamirzəyev bildirib ki, müstəqil Azərbaycan böyük zəfərlər qazanaraq adını tarixə qızıl hərflərlə yazdırıb: “Ən mühüm nailiyyət isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimiz bu gün dirçəlir. Bu baxımdan Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması böyük əhəmiyyət kəsb edir”.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin şanlı səhifələrindən biridir. Tarixçi kimi elmi işinin XX əsrin əvvəllərində azərbaycanlı deputatların Rusiya Dumasında fəaliyyəti ilə əlaqədar olduğunu vurğulayan Dilarə Seyidzadə həmin dövrdəki deputatların xalqımız üçün böyük işlər gördüklərini söyləyib: “Onlar əsl vətənpərvər ziyalılar idi. Bu insanların fəaliyyəti Xalq Cümhuriyyətinə gedən yolda böyük rol oynayırdı. Nəticədə 1918-ci ilin mayında Xalq Cümhuriyyəti elan olundu. Cümhuriyyət dövründə ana dilində məktəblər açıldı, qadınlara səsvermə hüququ verildi, bir sıra mühüm qanunlar qəbul olundu və digər önəmli addımlar atıldı. Lakin o dövrdə mürəkkəb geosiyasi proseslər baş verirdi və həmin proseslər fonunda Cümhuriyyət cəmi 23 ay yaşaya bildi”.

YAP Veteranlar Şurasının üzvü deyib ki, müstəqil dövlətimizi qorumaq, onu sevmək hər bir vətəndaşımızın borcudur: “Doğma vətəni sevməyin ən böyük nümunəsini Ulu Öndər Heydər Əliyev göstərib. Prezident İlham Əliyev öz siyasəti ilə müstəqil dövlətimizi daha da gücləndirir”.

BDU-nun dosenti Xumar Səfərova çıxışında bildirib ki, Cümhuriyyət qurucularının xidmətləri daim xalqımız, dövlətimiz tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, YAP sıralarına qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Xəbər lenti