Logo

Nizami Muzeyində “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib

26.05.2024 17:02 137 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 28 May - Müstəqillik Günü ilə əlaqədar “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru akademik Rafael Hüseynov Azərbaycan tarixinin şanlı səhifələrinə nəzər salıb, 106 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından danışıb, bu əlamətdar hadisə ilə bağlı hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildirib.

Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən, xalqımızın həyatındakı mühüm rolundan bəsh edən akademik Rafael Hüseynov bu günün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğunu vurğulayıb. O, 1918-ci ildə əldə edilmiş müstəqilliyin ömrünün qısa olmasına baxmayaraq, görülən işlərin demokratik dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, bu dövrü tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Uzun illər sonra XX əsrin sonlarında xalqımızın yenidən azadlığa qovuşmasından söhbət açan direktor Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyinin əbədi xarakter aldığını qeyd edib. Bildirib ki, sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb siyasi proseslər və kəşməkəşli tarixi hadisələr yaşansa da, məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan öz müstəqilliyini qorudu və əbədiləşdirdi. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan beynəlxalq nüfuzu davamlı güclənməkdə olan qüdrətli dövlətə çevrilib.

Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, bu gün Azərbaycanın hər bir yerində şanlı Dövlət Bayrağı dalğalanır. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq bərpa işləri aparılır. Ölkəmiz dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edir, beynəlxalq mühüm platformalarda təmsil olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən uğurlu siyasət müstəqilliyimizin daha da güclənməsinə misilsiz töhfələr verir.

Daha sonra ədəbi-musiqili tədbir filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirovanın təqdimatı ilə davam edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, bu dövrdə qarşıda duran məqsədlərdən söz açaraq, milli istiqlal uğrunda qələmi, düşüncəsi ilə mübarizə aparmış Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu ideologiyasından danışıb.

Sonra Cəmilə Dəmirova adlarını sadaladığı ideoloqların yaradıcılığından nümunələri təqdim etmək üçün məktəblilərə söz verib.

İstedadlı Bakı məktəbliləri böyük həvəslə Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu”, Hüseyn Cavidin “İblis”, Cəfər Cabbarlının “Ədirnə Fəthi”, Üzeyir Hacıbəylinin “Bisavad və basavad” əsərlərindən parçaları, müstəqillik dövründə yaranmış şeir və musiqiləri təqdim ediblər. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin yeganə səs yazısında yaradıcılığından sitat gətirdiyi şair Əmin Abid Gültəkinin “Can Azərbaycan!” şeiri səsləndilib.

Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, qabaqcıl təhsil işçisi Svetlana Əhmədovanın fortepianoda müşayiəti ilə müğənni Cavid Hüseynin ifasında “Ölkəm” və İfaçılıq fakültəsinin I kurs tələbəsi İsmayil Məmmədovun ifasında “Çırpınırdı Qara dəniz” mahnıları maraqla qarşılanıb.

Tədbirdə muzeyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran Qənbərli çıxış edərək Səbail rayonu Həbibbəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar liseyinin, Səbail rayonu 329 saylı, Yasamal rayonu Həzi Aslanov adına 175 saylı, Xətai rayonu Ədalət Abbasov adına 257 saylı orta məktəblərinin, eləcə də Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının direktor, müəllim və şagird heyətinə maraqlı qiraət, səhnəcik və musiqi nömrələri ilə iştirak etdikləri üçün təşəkkürünü bildirib.

Sonda musiqi, poeziya vəhdətindən yaranmış tədbirdə iştirak edən şagird və müəllimlər Fəxri fərmanla təltif olunublar.

Xəbər lenti