Logo

“Arda səhnələri” beynəlxalq festivalında iştirak edib

25.05.2024 10:52 191 baxış
IMG

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstanın Kırcalı şəhərində ilk dəfə keçirilən “Arda səhnələri” beynəlxalq festivalında iştirak edib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, festival Kırcalı meriyası, “Presto” musiqi evi və Kırcalı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Festival çərçivəsində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən Kırcalı sakini Marqarita Pavlovanın Azərbaycana həsr edilmiş “Plamıçka və Plamıçko” uşaq kitabının təqdimatı, eləcə də kitab üçün çəkilmiş rəsmlərin sərgisi olub.

Tədbiri giriş sözü ilə festivalın direktoru Nadejda Dimitrova açıb, ev sahibi Kırcalı Mədəniyyət Mərkəzinin rəhbəri Mariyana Likova isə festivalın ikinci gününü doğma şəhərinin sakini Marqarita Pavlovanın kitabını təqdim etdiyindən məmnunluğunu bildirib.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska Marqarita Pavlovanın 15 kitabın müəllifi olduğunu və müxtəlif ədəbiyyat mükafatlarına layiq görüldüyünü deyib. Xüsusilə də “Plamıçka və Plamıçko” kitabının 2022-ci ildə uşaq ədəbiyyatı üzrə Petya Karakoleva adına milli mükafatının laureatı olduğunu qeyd edib. Sonra o, kitabı illüstrasiya edən uşağların “Nağıl dünyası” rəsm atelyesindən olduğunu bildirərək rəsmlər barədə danışıb.

Marqarita Pavlova isə bu tədbirin doğma şəhərində keçirilməsindən qürur duyduğunu söyləyib. O, kitab yazmaq ideyasının yaranması barədə məlumat verib, onun əsas personajlarından və Azərbaycana həsr edilməsi səbəbi haqqında danışıb və balaca qonaqlara kitabdan bir neçə parça oxuyub.

Qeyd olunub ki, “Arda səhnələri” festivalı bolqar xalqına Azərbaycan haqqında danışmaq, onun adət-ənənələrini təqdim etmək, həmçinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətini Bolqarıstanın regionlarında paylaşmaq üçün daha bir fürsətdir.

Xəbər lenti