Logo

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub - FOTO

24.05.2024 22:27 132 baxış
IMG

Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 106-cı ildönümünə və Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi, yazıçı – publisist Əli bəy Hüseynzadənin anadan olmasının 160-cı ildönümü münasibətilə “Vəhdət” adlı tədbir-sərgi təşkil edilib. 

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı, tarix üzrə fəlsəfə doktoru Mahir Qaribov və Hüseynzadə ailəsinin nümayəndəsi İsmayıl bəy çıxış ediblər. 

Qeyd olunub ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

Müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 2017-ci ildə qızı Feyzavər xanım Alpsar Turanın təşəbbüsü ilə Əli bəy Hüseynzadənin irsinə aid 161 eksponat İstiqlal muzeyinə hədiyyə olunub. Dövlətimiz Feyzavər xanımın Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib.

Sərgidə Əli bəy Hüseynzadənin irsinə aid rəsm əsərləri, fotoşəkillər, şəxsi əşyalar nümayiş etdirilib.

Xəbər lenti