Logo

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib - FOTO

24.05.2024 19:53 199 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. Rektor qeyd edib ki, 106 il əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi: “Fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, müsəlman Şərqində, Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir”.

Rektor qeyd edib ki, 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında tarixi xidməti idi: “Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib. 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb, 2019-cu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib, respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır”.

Daha sonra Milli Məclisin deputatları, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov və Aydın Hüseynov çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirdiyi və yeni çalarlarla daha da zənginləşdirdiyi qeyd olunub.

Tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti