Logo

Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq mühazirə və sərgi təşkil olunub - FOTO

24.05.2024 18:40 261 baxış
IMG

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsilə bağlı tədbirlər çərçivəsində Təhsil İnstitutunun təşkilatçılığı ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” mövzusunda açıq mühazirə və “Yaşıl kitablar” adlı virtual kitab sərgisi təşkil olunub.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, mərkəzin direktoru Fatma Çəndirova bütün dünyanın diqqət mərkəzində olan iqlim dəyişikliyi, onun yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin Azərbaycana təsirindən danışıb. O, ölkəmizdə ekoloji problemlərin qarşısının alınması üçün həyata keçirilən tədbirlər haqqında məlumat verib, eyni zamanda, bu mövzu ilə bağlı rəhbərlik etdiyi mərkəzin yaşıllaşdırma, ətraf mühitin təmizlənməsi aksiyalarında yaxından iştirakını diqqətə çatdırıb.

Tədbirdə institutunun şöbə müdiri dosent Aynur Paşayeva təhsil müəssisələrində iqlim dəyişikliyi və COP ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən danışaraq açıq mühazirənin təşkilinin şagirdlər üçün maraqlı olacağını vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər, “yaşıl zona”, “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” dövlət siyasətinin prioritet məsələsi kimi bir çox ölkələr üçün nümunə hesab oluna bilər.

Məruzəçi, institutun aparıcı elmi işçisi Ayna Hümbətova Mərkəzin ayrı-ayrı siniflərində şagirdlərə dünyada qlobal problemə çevrilən iqlim dəyişmələrinin insan psixikasına təsirindən maarifləndirici məlumatlar verib. Qlobal istiləşmənin artmasının bəşəriyyətə, təbiətə, insanların sağlamlığına vuracağı zərərləri açıqlayıb, təbiətin həm həyat şəbəkəsinin, həm də informasiya şəbəkəsinin təşkil olunmasında ağac modelini vurğulayaraq şagirdlərin təxəyyülündəki ağacın rəsmini vərəqlər üzərində canlandırıb.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının müdiri Arzu Məmmədova müasir dövrümüzdə kitabxanaların təkcə kitab saxlayıcı, sənəd toplanılan məkan olmaması və hazırda akademik, elmi kitabxanaların sosial institutlar kimi çalışmasını vurğulayıb. “Yaşıl kitabxana” layihəsi çərçivəsində dünyanın ekoloji təmiz, xüsusi qaydalarla yaradılmış və məqsədli xidmətləri ilə seçilən kitabxanaları, eləcə də insan sağlamlığına təsir edən, ciddi fəsadlar yarada bilən nəşrlər barədə araşdırmaları cəmiyyətin diqqətinə çatdırmaq kimi işlərdən danışıb, “Yaşıl kitablar” adlı virtual sərgini tədbir iştirakçılarına təqdim edib.

Sonda tələbələrin sualları cavablandırılıb, onların da bu məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib.

Xəbər lenti