Logo

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

24.05.2024 17:20 132 baxış
IMG

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib.

Mərkəzin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, tədbiri açan BBMM-in müşaviri Aytən Qəhrəman ölkəmizdəki çoxmədəniyyətliliyin tarixindən, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdəki müdrik siyasətindən, eləcə də Azərbaycanda yaşayan xalqların mədəniyyətinin təbliğində Multikulturalizm Mərkəzinin rolundan söz açıb.

BBMM-in ölkəmizdəki müxtəlif xalqların dillərində hazırladığı nəşrlər, xüsusilə talış dilində olan kitablar barədə də məlumat verən A.Qəhrəman yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının əhəmiyyətini vurğulayıb.

Mərkəzin Analitika şöbəsinin müdiri Rəşad İlyasovun moderatorluğu ilə davam edən tədbirdə Azərbaycandakı milli icmaların nümayəndələri, ziyalılar, tələbələr iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Talış İcmasının ağsaqqalı İmamverdi Həmidov, “Etnoqlobus” Araşdırma Mərkəzinin rəhbəri Gülnarə İnanc, həkim Aydın Talışinski, “Azərbaycan Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, şair Etibar Əliyev, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu və digərləri kitabın ərsəyə gəlməsində İ.Məlikovanın gördüyü işlər, Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyəti, eləcə də “Dodo” qəzeti haqqında fikirlərini bölüşüb, Ulu Öndərlə bağlı xatirələrini danışıblar.

Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrini diqqət mərkəzində saxlayıb, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarını bir-birindən ayırmayıb. Bu gün isə həmin siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda yazıçı-jurnalist İradə Məlikova çıxış edərək, BBMM-in 10 illik fəaliyyəti dövründə Mərkəzlə olan sıx əlaqələrindən, hazırlanan müxtəlif nəşrlərdən, araşdırmalardan danışıb. Müəllif “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının işıq üzü görməsində əməyi keçənlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, kitabda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri barədə məlumatlar əksini tapıb. Eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşləri, zəhmət adamları ilə maraqlı söhbətləri yer alıb.

Kitab Azərbaycan və talış dillərində nəşr olunub.

Xəbər lenti