Logo

Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti BDU-da - FOTO

24.05.2024 15:43 142 baxış
IMG

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə ictimai xadimlər, şəhid ailələrinin üzvləri, ali məktəb təmsilçiləri daxildir. Səfər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub.

Qonaqlar əvvəlcə BDU-da şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra onlar BDU-nun “Zəfər tarixi” lektoriyası ilə tanış olublar.

Rektor Elçin Babayev qeyd edib ki, qardaş Türkiyə, Türk dünyasının bir parçası olan Şimali Kipr Türk Respublikası ilə sevinc və kədərimiz, kökümüz, dilimiz, dinimiz, milli və mənəvi dəyərlərimiz birdir: “Vətən, bayraq uğrunda savaş, şəhidlik zirvəsi bizim üçün müqəddəsdir. Son illər Türk dünyası iqtisadi, siyasi, sosial, mədəni, hərbi sahələrdə güclənir. Bu birliyin daha da artması, uzunmüddətli olması üçün türkdilli dövlətlərin elm, təhsil müəssisələrinin, ictimai qurumlarının üzərinə mühüm vəzifələr düşür”.

BDU İctimai Nəzarət Şurasının üzvü, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qonaqlara universitetin kollektivinin Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlığı barədə məlumat verib. Qeyd edib ki, universitetin 22 məzun və tələbəsi şəhidlik zirvəsinə ucalıb. Hazırda BDU-da 200-dən artıq Vətən müharibəsi iştirakçısı, 10-a yaxın şəhid ailəsi üzvü təhsil alır.

Şimali Kipr Türk Respublikası Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, “Şəhid Ailələri və Əlil Qazilər Dərnəyi”nin sədri Gürsel Benan çıxışlarında iki xalq arasında ortaq layihələrin, vətəndaş cəmiyyəti və elm, təhsil qurumları arasında birgə tədbirlərin, əməkdaşlığın, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti