Logo

Rəsulzadənin 140 illik yubileyi Stokholmda qeyd olunub - FOTO

22.05.2024 23:44 180 baxış
IMG

İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub.

Tehsil.biz xəbər verir ki, “SAF” İsveç-Azərbaycan Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşları, İsveç-MDB ölkələri Ticarət Palatasının baş direktoru Heinz Sjögren, İsveç Türkməneli Mədəniyyət Federasiyasının rəhbəri Suham Arslan, Türk Cəmiyyətinin idarə heyətinin üzvü Melinda Verilalmaz, “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri Səadət Kərimi, M.Ə.Rəsulzadənin ailə üzvü Dr.Nazim Rəhimov, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli, türk sənətçisi Bora Serbülent, xarici qonaqlar, diaspor nümayəndələri və İsveçin müxtəlif şəhərlərindən gələn 100-dən çox qonaq qatılıb.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“SAF” İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova tədbir iştirakçılarını salamlayıb və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirin Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib. Ulu Öndər Heydər Əliyev də xalqımızın tarixində Cümhuriyyətin böyük əhəmiyyət kəsb etdiyini hər zaman vurğulayıb və soydaşlarımız ilə görüşlərində, çıxışlarında bu günün milli bayramımız olduğunu daim söyləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini daim ehtiramla andığı, 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etdiyi, Cümhuriyyət qurucularının varislərinə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif etdiyi və Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldıldığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin müşaviri Cavanşir Məmmədov, “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri Səadət Kərimi, İsveç-MDB ölkələri Ticarət Palatasının baş direktoru Heinz Sjögren, İsveç Türkmən Mədəniyyət Federasiyasının sədri Suham Arslan, Türk Cəmiyyətinin idarə üzvü Melinda Verilalmaz, M.Ə.Rəsulzadənin ailə üzvü Dr.Nazim Rəhimov, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli çıxış edərək M.Ə.Rəsulzadənin irsindən, Azərbaycan Xalq Cümhuriyyətinin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyindən danışıblar.

Xəbər lenti