Logo

Mövcud olan su qurğuları ərazisində bərpaolunan enerji mənbələrindən istifadə mövzusunda seminar keçirilib

22.05.2024 20:49 142 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Mövcud olan su qurğuları ərazisində bərpaolunan enerji mənbələrindən istifadə. Ceyranbatan hidrotexniki qurğularının elektrik enerjisinin Günəş Elektrik Stansiyası ilə təmin edilməsi” mövzusunda seminar keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, seminarda “Azərsu” ASC Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun Elektromexanika və avtomatika sistemlərinin layihələndirilməsi və ekspertizası şöbəsinin rəisi Rəşad Kərimovun məruzəsi dinlənilib. O, Ceyranbatan açıq tipli su anbarı üzərində günəş panellərinin quraşdırılması, onların üstünlükləri və texniki göstəriciləri və alternativ enerji ilə bağlı digər məsələlərdən danışıb.

Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov seminarda təqdim olunan mövzunun iqlim dəyişiklikləri ilə bağlı olduğunu, bəşəriyyətin üzləşdiyi problemin həlli üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rüstəm Rüstəmov, həmçinin Bakıda keçiriləcək COP29 tədbirindən danışıb, məruzənin mövzusunun aktual olduğunu söyləyib.

Məruzə Fizika İnstitutunun əməkdaşları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xəbər lenti