Logo

“Məktəblilərin respublika çempionatı”nın final yarışlarına start verilib

22.05.2024 20:35 222 baxış
IMG

“Məktəblilərin respublika çempionatı”nın taekvondo idman növü üzrə final yarışlarının açılış mərasimi olub.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Açılışda çempionat haqqında məlumat verildikdən sonra həm təhsil, həm də idman elementlərini özündə əks etdirən rəqs və mahnı nömrələri nümayiş olunub.

Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.

Taekvondo üzrə yarışlara ölkənin müxtəlif rayon və şəhərlərindən 20 çəki dərəcəsində 200-dən artıq məktəbli idmançı qatılıb.

Qeyd edək ki, yarışlara mayın 23-də yekun vurulacaq.

“Məktəblilərin respublika çempionatı”nın final mərhələsi mayın 24–26-da ağırlıqqaldırma, iyunun 4–7-də sərbəst və yunan-Roma güləşi, iyunun 8–10-da isə cüdo idman növləri üzrə yarışlarla davam etdiriləcək.

Çempionat Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə keçirilir.

Xəbər lenti