Logo

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının nümayəndə heyəti Milli Məclisdə olub

22.05.2024 19:20 228 baxış
IMG

Mayın 22-də Milli Məclisin komitələri ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüşlər keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə bildirilib ki, Gənclər və idman komitəsi ilə görüşdə parlament sədrinin müavini Adil Əliyev dövlət başçılarının səmimi dostluğu sayəsində ölkələrimiz arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsindən, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərə verdiyi töhfədən bəhs edib. Adil Əliyev bu gün ölkələrimiz arasında mövcud olan möhkəm dostluq, qardaşlıq münasibətlərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının sarsılmazlığını bir daha nümayiş etdirdiyini deyib. O, 44 gün davam edən Zəfər yürüşü zamanı qardaş ölkənin verdiyi mənəvi dəstəyin, ədalətli mövqeyin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib.

Mahmut Özer rəhbərlik etdiyi komissiya ilə Milli Məclisin Gənclər və idman komitəsi arasında əməkdaşlığın qurulmasının parlamentlərarası münasibətlərinin möhkəmləndirilməsinə verəcəyi töhfələrdən danışıb.

Deputat Etibar Əliyev hər iki ölkənin gənclərinin iştirak etdiyi elmi və idman olimpiadalarına toxunaraq, bu sahədə aparılan işlərin gələcək nəslin sağlam ruhda yetişməsindəki rolunu diqqətə çatdırıb.

***

Elm və təhsil komitəsinin TBMM-in nümayəndə heyəti ilə görüşündə komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açıb, qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib.

Bəxtiyar Əliyev Azərbaycan və Türkiyənin elm, təhsil sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrlə bağlı fikirlərini bölüşüb.

TBMM-in komissiya sədri xalqlarımız arasında tarixi köklərə və möhkəm təməllərə əsaslanan dost və qardaş münasibətlərinin prezidentlərimizin rəhbərliyi ilə bütün istiqamətlərdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, elm, təhsil sahəsində əməkdaşlığımızın genişləndirilməsi perspektivləri ilə bağlı fikirlərini açıqlayıb, bu işdə imkan və potensialların birləşdirilməsinin əhəmiyyətindən danışıb.

Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvü Eldar Quliyev, TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının üzvləri Nazim Maviş, Şenol Sunat ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin, inteqrasiyanın gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər, elm və təhsil sistemlərinin uyğunlaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

***

Səhiyyə komitəsi ilə görüşdə komitə sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.

Söhbətdə, ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin cari il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin əhəmiyyəti xüsusi qeyd edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin fonunda parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qanunverici orqanların profil komitələri arasında yaranmış sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Mahmut Özer deyib ki, ölkələrimiz arasında əlaqələr ölkə prezidentlərinin iradəsinə uyğun şəkildə yüksələn xətt üzrə inkişaf edir. Siyasi, iqtisadi, mədəni, təhsil və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki xalqın mənafeyinə uyğundur.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Fəzail Ağamalı və TBMM-in millət vəkili Şenol Sunat çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.

Söhbətdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti