Logo

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

22.05.2024 15:32 150 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatlarının direktorları, elmi katibləri, həmçinin tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə, bir sıra şəxslərə “Əmək veteranı vəsiqəsi” təqdim edilib.

İclasda müzakirə olunan ilk məsələ AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Sancarın Azərbaycan Milli Elmlər Akademiyasına və Naxçıvan Muxtar Respublikasına səfərinin təşkili və səfər çərçivəsində tədbirlərin keçirilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli xatırladıb ki, 29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib. AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, səfər çərçivəsində AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında Əziz Sancarın “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzəsi dinləniləcək və bu, Akademiya tarixində Nobel mükafatı laureatı ilə keçirilmiş nadir görüşlərdən biri olacaq. Həmçinin vurğulayıb ki, Əziz Sancarın ölkəmizə səfər edəcəyi ilə bağlı məlumat ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılanıb və bir çox ictimai-siyasi xadim alimlə keçiriləcək görüşdə iştirak barədə niyyətlərini bildiriblər.

AMEA rəhbəri qeyd edib ki, Əziz Sancarın ölkəmizə səfəri dövlət başçısının Türk dünyası ilə əlaqələrin genişləndirilməsi və prioritet istiqamətlərdən birinə çevrilməsi ilə bağlı siyasətinə tam uyğundur və bu yöndə akademiyada həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

İclasda, həmçinin Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allahverdi Aşirovun Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin təşkili haqqında məsələ də müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, Bakıda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri çərçivəsində bu ölkənin bir sıra ictimai-siyasi xadimləri Azərbaycana səfər edəcək və bu istiqamətdə Allahverdi Aşirov da AMEA-nın qonağı olacaq.

Akademik qeyd edib ki, professor Allahverdi Aşirovla Rəyasət Heyətində, Akademiyanın elmi müəssisələrində görüşlər təşkil olunacaq və onun iştirakı ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhdimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılış mərasimi və “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti tərəfindən professor Allahverdi Aşirovun səfərinin yüksək səviyyədə təşkili barədə müvafiq qərar qəbul olunub.

Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə mayın 23-24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın və rəsm sərgisinin yüksək səviyyədə təşkili haqqında qərar qəbul edilib.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə birgə arxeoloji turizmə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi haqqında olub. Akademik İsa Həbibbəyli ötən il AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olduğunu xatırladıb. Qeyd edib ki, arxeoloji tədqiqatlar Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən aparılıb. AMEA rəhbəri bu əməkdaşlığın səmərəli olduğunu və ölkəmizin zəngin və qədim tarixinin təbliğinda mühüm əhəmiyyət daşıdığını söyləyib.

Sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdikləri layihələr və konfransa hazırlıq, eləcə də iştirak edəcək ölkələrin alimləri haqqında məlumat verib. Bundan əlavə, tədqiq olunan arxeoloji abidələrin 3D kataloqlarının yaradılmasına başlandığını deyib və elektron arxeologiya istiqamətində həyata keçirilən işləri nəzərə çatdırıb.

AMEA Rəyasət Heyəti tərəfindən Dövlət Turizm Agentliyi ilə birgə keçiriləcək beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkili barədə qərar qəbul olunub.

İclasda müzakirə olunan növbəti məsələ III Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, festival mayın 24-31-də Elmlər Akademiyasının parkında keçiriləcək və bu dəfə Şimali Kipr Türk Respublikasının da iştirakı ilə 8 gün baş tutacaq. Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr ediləcək.

Daha sonra AYB-nin mətbuat katibi, layihənin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın proqramı haqqında danışıb, Türk dövlətlərindən tanınmış alimlərin, şairlərin, naşirlərin festivalda iştirak edəcəyini, şeir saatlarının, müzakirələrin, kitab təqdimatlarının baş tutacağını bildirib.

AMEA Rəyasət Heyəti tərəfindən Akademiyanın festivalda yüksək səviyyədə iştirakı barədə qərar qəbul olunub.

Bundan əlavə, görkəmli türkman alimi Əta Tərzibaşının 100 illik yubileyi ilə bağlı məsələ də müzakirə edilib.

İclasda, həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Emin Fətəliyevin öz ərizəsi əsasında əyani təhsildən qiyabi təhsilə keçirilməsi, Abbasqulu Ağa Bakıxanovun 230, akademik Məmməd Arif Dadaşzadənin isə 120 illik yubileyinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Muxtar İmanov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Xəbər lenti