Logo

AQTİ-nin mütəxəssisləri ADAU-nun tələbə və məzunlarına təlim keçiblər

22.05.2024 14:31 196 baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və əczaçılıq ixtisasları üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təşkil olunan təlim-təcrübə kursu davam edir. 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, AQTİ-nin mütəxəssisləri tərəfindən "Nümunəgötürmədə seçmə üsullar" mövzusunda onlayn təlim keçirilib. 

Təlim zamanı xəstəliklərə uyğun nümunələr, nümunəgötürmə vasitələri, nümunələrin qablaşdırılması və göndərilməsi qaydaları və digər məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, onlayn təlimlər başa çatandan sonra iştirakçılar İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər. Təlim-təcrübə kursunun yekununda isə iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək. Bundan başqa onlar müvafiq müsahibədən keçirilərək AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar. Kursun təşkil edilməsində məqsəd müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc, motivasiyalı və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.

Xəbər lenti