Logo

Dilçilik İnstitutu Qazaxıstan Milli Universiteti ilə əməkdaşlıq məsələlərini müzakirə edib

22.05.2024 14:16 181 baxış
IMG

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru professor Tuymabaev Janseyt Kanseytulın ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görüş keçirilib. 

Bu barədə "Tehsil.biz"ə Dilçilik İnstitutundan bildirilib. 

Görüşdə professor Nadir Məmmədli rəhbərlik etdiyi Dilçilik İnstitutunda görülən işlər barədə qonağa məlumat verib. Nadir Məmmədli bildirib ki, Azərbaycan və qazax xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Buna təsir edən əsas amillərdən biri Azərbaycan və qazax xalqlarının türkdilli olması, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxınlığıdır.

Qazaxıstanlı rektor bu görüşün iki ölkənin elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb. Rektor 100 illik yubiley ərəfəsində olan Qazaxıstan Milli Universitetinin tarixi, bu günü, beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüşdə Qazaxıstan Milli Universiteti ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi üçün birgə tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, ortaq saytların, sosial şəbəkə səhifələrinin yaradılması kimi məsələlər müzakirə olunub.

Tədbirdə Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, aparıcı elmi işçi dosent Qətibə Quliyeva şöbədə aparılan elmi-tədqiqat istiqamətlərindən, ikidilli lüğətlərin əhəmiyyətindən danışıblar. Professor Sayalı Sadıqova, İlhami Cəfərsoy, İlham Tahirov çıxışlarında türk dövlətləri arasında əlaqələrin intensivləşməsi və ortaq terminologiyanın yaradılması məsələsini önə çəkiblər.

Görüşün sonunda rektora Dilçilik İnstitutunun nəşrləri təqdim olunub.

Xəbər lenti