Logo

"Əta Tərzibaşı və Türkman ədəbiyyatı" beynəlxalq elmi konfransın açılışı olub

22.05.2024 13:53 132 baxış
IMG

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan və Kərkük ədəbiyyatı və folklorunun görkəmli tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr edilmiş “Əta Tərzibaşı və Türkman ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli tədqiqatçı Əta Tərzibaşının ümumtürk folkloru və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib. Akademik qeyd edib ki, görkəmli tədqiqatçının Məhəmməd Füzuli haqqında araşdırmaları dünya füzulişünaslıq elmi və Azərbaycan folkloru üçün etibarlı və qiymətli mənbə olmaqla yanaşı, həm də ədəbiyyatımız üçün bələdçi rolunu oynayır.

Daha sonra AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov Əta Tərzibaşının Məhəmməd Füzulinin yaradıcılığı haqqında apardığı tədqiqatlar barədə məlumat verib. O diqqətə çatdırıb ki, AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusu növbəti dəfə Əta Tərzibaşının Füzuli haqqında araşdırmalarına həsr olunub.

Çıxışlardan sonra konfransda məruzələr dinlənilib. Kərkük Kültür Dərnəyinin sədri Şəmsəddin Kuzəçi “Əta Tərzibaşının məqalələrinin dəyərləndirilməsi üzərinə bir araşdırma”, professor Qəzənfər Paşayev “İraq-türkman ləhcəsinin tədqiqində Əta Tərzibaşı mərhələsi”, “Türkmaneli” qəzeti və eyniadlı ədəbiyyat və sənət dərgisinin redaktoru Necat Kevseroğlu “Əta Tərzibaşının həyatı və əsərləri”, professor Ömər Türkmənoğlu “Əta Tərzibaşının İraq-türkman musiqisinə töhfələri mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini əyani və onlayn formatda keçirilən panel iclaslarla davam etdirib. Panel müzakirələrdə Azərbaycanın və xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Diskussiya şəklində davam edən iclasda Əta Tərzibaşının zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını ehtiva edən müxtəlif məruzələr dinlənilib və çıxışlar ətrafında ayrıca müzakirələr aparılıb.

Tədqiqatçı Əta Tərzibaşının yubileyi münasibətilə təşkil olunmuş elmi konfrans mayın 23-də də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işini davam etdirəcək.

Xəbər lenti