Logo

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

21.05.2024 17:06 168 baxış
IMG

Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə PISA 2025 - Beynəlxalq Şagird Qiymətləndirmə Tədqiqatının sınaq mərhələsi üzrə infosessiyalar təşkil olunub.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, şagirdlərin bu bacarıqları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə təşkil olunur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən üç ildən bir həyata keçirilən bu beynəlxalq qiymətləndirmə tədqiqatında XXI əsrdə şagirdlərin mürəkkəb problemləri həll etməyə, tənqidi düşünməyə və effektiv ünsiyyət qurmağa necə hazır olduqlarının ölçülərək dəyərləndirilməsi əsas hədəf olaraq ortaya qoyulur.

ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən onlayn formatda həyata keçirilən infosessiyalarda paytaxt və digər regionlardan riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, biologiya, fizika, kimya, coğrafiya fənləri üzrə tədqiqata cəlb olunan məktəblərdə tədris aparan 800 nəfərə yaxın müəllim, həmçinin həmin məktəblərin direktor müavinləri iştirak ediblər. İnfosessiyalar ərzində PISA 2025-də öyrənənlərin məktəbdə və məktəbdən kənarda öyrəndiklərini sosial həyata qatılmaq üçün nə dərəcədə istifadə edə bildiyinin qiymətləndiriləcəyi, onların öyrənmə prosesinə yanaşmaları, münasibətləri və motivasiyaları haqqında məlumatların toplanacağı qeyd olunub.

İnfosessiyanın sonunda fənn müəllimlərinə PISA beynəlxalq tədqiqatında daha əvvəllər istifadə olunmuş suallar, həmçinin 2025-ci il üçün nəzərdə tutulan nümunə suallar təqdim olunub, müzakirələr əsasında iş aparılıb.

Bu ay tədqiqatın sınaq mərhələsinin yekunlaşdırılması, 2025-ci ildə isə əsas mərhələnin təşkili nəzərdə tutulur.

PISA beynəlxalq tədqiqatı ölkələrin təhsil sistemlərinə öyrənənlərin gələcək həyata hazırlığı, qlobal maarifləndirmə, ekoloji savadlılıq, ətraf mühitin qorunması, media savadlılığı, bütün bunların real həyat şəraitində tətbiqi və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən data əsaslı məlumatlar verir.

Xəbər lenti