Logo

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

21.05.2024 14:07 210 baxış
IMG

Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers - WOW) onlayn keçirilən iclasında Azərbaycan yazıçısı Varis Yolçiyev qurumun 5 bölməsindən birinin Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilib.

Tehsil.biz xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb və qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalının hazırlıq mərhələsi müzakirə edilib.

Qeyd edək ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını təmsil edən Ümumdünya Yazıçılar Təşkilatının təşkilatçılığı altında WOW festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada, Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazanıb və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradılıb.

Bölmə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanı, eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar, yakutlar), Çin (uyqurlar), İraq (kərküklər), İran (azərbaycanlılar), Kipr (türklər), Ukrayna (Krım tatarları) və s. ölkələrdə yaşayan türkdilli toplumları əhatə edəcək.

Xəbər lenti