Logo

ADPU-nun rektoru Vətən müharibəsi qazisi olan məzunu Elvin Rəsulovla görüşüb

13.04.2021 14:09 862 baxış
IMG

Aprelin 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin Vətən müharibəsi qazisi olan  məzunlarından Elvin Qubad oğlu Rəsulov və qazimizin anası Ramilə Rəsulova ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris departamentinin müdiri dosent Sənan Əliyev və rektor köməkçisi Riyad Rüstəmli iştirak edib. 

Prof. C.Cəfərov qazimizin səhhəti ilə maraqlanaraq qazi anası Ramilə xanıma belə mərd və cəsur övlad yetişdirdiyi üçün minnətdarlığını ifadə edib. Rektor deyib: “ADPU-nun məzunları hər sahədə olduğu kimi  Vətənin müdafiəsində də müsbət mənada yaddaşlarda qaldılar, dastanlara dönəcək qəhrəmanlıqlar göstərdilər. Çünki müəllim bütün aspektlərdə, ilk olaraq da vətənpərvərlikdə nümunə olmalıdır və Azərbaycan müəllimi bu şərəfli missiyanı uğurla yerinə yetirir. Belə ki, tələbə və məzunlarımızdan 11 nəfəri - yəni 11  müəllim Vətən uğrunda şəhidlik zirvəsinə yüksəldi, yüzlərlə qazimiz var. Biz onların hər biri ilə fəxr edirik. Belə cəsur müəllimlərdən biri də Elvindir. Onun qəhrəmanlığı dildən-dilə gəzir. Şuşada öz şəhid yoldaşının nəşini ərazidən çıxararkən yaxınlığında partlayan minanın təsirindən başından və sol ayağından yaralansa da, şəhid yoldaşını orada qoymayıb və kəndirlə belinə sarıyaraq ərazidən uzaqlaşdırmağa çalışıb.”
Prof. C.Cəfərov qeyd edib ki, ADPU hər zaman öz şəhid və qazi məzunlarını diqqətdə saxlayır. Elvin də onlardan biri kimi daim universitetin qayğısını hiss edə bilər.


Qazi E.Rəsulov və anası R.Rəsulova göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dünyaya gələn E.Rəsulov ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin 2020-ci il məzunudur. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılan Elvin Vətən müharibəsinin başladığı ilk gündən ön cəbhədə döyüşüb.

Xəbər lenti