Logo

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

02.05.2024 18:18 167 baxış
IMG

Aprelin 27-dən mayın 2-dək Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan milli komandası bilik yarışında uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal və 2 həvəsləndirici mükafat qazanıb.

Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Mirhəbib Əsgərov gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Ömər Qədimli və İbrahim Kərimli bürünc medal qazanıblar. Həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Telman Məmmədov və Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən Azərbaycan məktəbliləri ümumilikdə 1 qızıl, 18 gümüş və 38 bürünc medal qazanıblar.

Xəbər lenti